Qedim Roma
Roma dövləti Apennin yarımadasında meydana gəlmişdir. Qədim yunanlar Aralıq dənizində üzərkən Apennin yarımadasının cənub hissəsindəki zəngin otlaqları görmüş və buranı İtaliya, yəni «buzovlar ölkəsi» adlandırmışdılar. Eramızdan əvvəl I minilliyin əvvəllərində yarımadada müxtəlif xalqlar və tayfalar yaşayırdı ki, onların arasında ən çox inkişaf etmiş olanı etrusklar idi. Rəvayətə görə, Roma şəhərinin əsası e.ə. 753-cü ildə iki qardaş – Romul və Rem tərəfindən qoyulmuş və şəhər Romulun şərəfinə adlandırılmışdır. Qədim Romanın siyasi tarixi üç başlıca dövrə bölünür: e.ə. 753 – e.ə. 509-cu illəri əhatə edən Padşahlıq dövrü, e.ə. 509 – e.ə. 30-cu illəri əhatə edən Respublika dövrü və e.ə. 30 – b.e. 395-ci illərini əhatə edən İmperiya dövrü.
Padşahlıq dövrü
Padşahlıq dövrü Roma şəhəri yaranandan e.ə. 509-cu ilə qədər davam etmişdir. Erkən dövrdə Roma əhalisi patrisilər və plebeylər olmaqla iki əsas zümrəyə bölünürdü. Romanın ən qədim sakinlərinin nəslindən olanlar özlərini patrisilər (latınca «pater» – ata) adlandırırdılar; onlar dövlətin hakim təbəqəsi və böyük torpaq sahibləri idilər, vəzifələrə də yalnız patrisilər seçilə bilərdi. Patrisilərin «Senat» adlanan ağsaqqallar şurası var idi və senatorlar öz sıralarından bir nəfəri ömürlük padşah seçirdilər. Romaya sonradan köçüb gələnlərə isə plebeylər deyilirdi. Plebeylər orduda xidmət etmələrinə baxmayaraq, dövlət idarəçiliyində heç bir hüquqa malik deyildilər.
Respublika dövrü
Eramızdan əvvəl 509-cu ildə romalılar sonuncu hökmdarı devirərək seçkili idarəetmə forması olan Respublika («ümumxalq işi») qurdular. Respublika dövründə Senatın nüfuzu kəskin artdı; Senat daxili və xarici siyasətə, o cümlədən maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edirdi. Romada hər il patrisilərin arasından iki konsul seçilirdi. Konsullar bir il ərzində dövləti idarə edir, müharibə zamanı isə ordunun ali komandanı olurdular.
Xalq tribunu
Respublika dövrünün əvvəllərindən etibarən patrisilər və plebeylər arasında kəskin mübarizə başladı. Respublika qurulandan sonra hüquqsuz qalan plebeylər orduda xidmət etməkdən imtina etdilər. Patrisilər plebeylərsiz ordunun zəif düşəcəyini başa düşərək güzəştə getməyə məcbur oldular. Eramızdan əvvəl V əsrin əvvəlində plebeylər öz müdafiəçilərini – xalq tribunlarını seçmək hüququ qazandılar. Tribun «veto» («qadağan edirəm») deməklə Senatın və konsulun plebeylərə aid göstərişlərini ləğv edə bilərdi və xalq tribununu öldürmək ən ağır cinayət sayılırdı. İki yüz ildən çox davam edən mübarizədən sonra, e.ə. III əsrin əvvəllərində plebeylər Romanın tamhüquqlu vətəndaşları oldular və bütün vətəndaşlar qanun qarşısında bərabərlik əldə etdilər. Hər kəs istədiyi vəzifəni tuta bilsə də, vəzifələrə görə maaş verilmədiyindən hakimiyyət yenə də bir neçə varlı patrisi və plebey ailəsinin əlində qaldı və bu səbəbdən Roma Respublikası tam demokratik dövlətə çevrilə bilmədi.
Romada hüquq
Romanın ən qiymətli miraslarından biri onun hüquq sistemidir. Romanın ilk yazılı qanunlar toplusu e.ə. V əsrin ortalarında qəbul edilmiş «12 lövhə qanunları» idi. Sonralar bu qanunlar daha da təkmilləşdirildi və onların bəzi müddəaları bu gün də dünyada və Azərbaycanda müasir dövrə uyğunlaşdırılaraq istifadə olunur.
Romanın işğalları
Eramızdan əvvəl III əsrdə Roma geniş işğalçılıq mərhələsinə qədəm qoydu. Romanın ordusu legionlardan təşkil olunmuşdu və legionun əsas gücünü ağır silahlı piyadalar təşkil edirdi. Romalılar Cənubi İtaliyadakı yunan şəhərlərini də tutaraq bütün İtaliya ərazisinə sahib oldular və tabe etdikləri tayfaları «Parçala və hökmranlıq et!» siyasəti ilə idarə etməyə başladılar. Bütün İtaliyanı tutduqdan sonra Roma Siciliya adasını da ələ keçirmək istədi. Bu adanın bir hissəsi Şimali Afrikada yerləşən Karfagen dövlətinin əlində idi. Karfagenlə Roma arasında Aralıq dənizinin qərbinə nəzarət etmək uğrunda e.ə. 264–146-cı illərdə fasilələrlə davam edən Pun müharibələri baş verdi; romalılar karfagenliləri latınca «finikiyalı» mənasını verən punlar adlandırdıqları üçün bu toqquşmalar belə adlanmışdı. Müharibələrin gedişində Siciliya, Sardiniya və Korsika adaları Roma tərəfindən işğal olundu. Nəhayət, e.ə. 146-cı ildə Karfagen şəhəri tamam dağıdılıb yandırıldı və Senatın qərarı ilə Romanın əyaləti elan edildi. Eramızdan əvvəl II əsrdə Roma Aralıq dənizinin şərq sahilləri uğrunda da mübarizə apararaq Makedoniyanı məğlub etdi və e.ə. 146-cı ildə Yunanıstanı da öz əyalətinə çevirdi. Qalib sərkərdə qənimətin bir hissəsini xəzinəyə təhvil verir, özü isə dörd ağ at qoşulmuş arabada zəfər tağının altından keçərək təntənəli triumf mərasimi ilə Romaya daxil olurdu; işğal edilmiş əraziləri isə canişinlər idarə edirdi.
Romada qulların vəziyyəti və Qladiator döyüşləri
Genişmiqyaslı işğallar Romaya çoxlu sayda hərbi əsir və dinc əhalinin qul kimi gətirilməsinə səbəb oldu. Romalılar qulları hüquqsuz sayaraq «danışan əmək alətləri» adlandırırdılar; ən böyük qul bazarı isə Egey dənizindəki Delos adasında fəaliyyət göstərirdi. Ağır yaşayış şəraiti qulların tez-tez üsyan qaldırmasına yol açırdı. Eramızdan əvvəl III əsrdən başlayaraq Romada qladiator döyüşləri keçirilməyə başlandı. Çevik və güclü qullara xüsusi məktəblərdə silah işlətmək öyrədilir və onlar arenalarda bir-biri ilə vuruşdurulurdular. Məğlub olan, lakin sağ qalan qladiatorun taleyi tamaşaçıların rəyindən asılı idi; tamaşaçılar baş barmaqlarını yuxarı qaldırdıqda o sağ saxlanılır, aşağı saldıqda isə qalib qladiator tərəfindən dərhal öldürülürdü.
Qrakx qardaşları
Kəndlilərin torpaqsızlaşmasının qarşısını almaq məqsədilə e.ə. 133-cü ildə xalq yığıncağı tərəfindən xalq tribunu seçilən Tiberi Qrakx yeni torpaq qanunu təklif etdi. Bu layihəyə görə, varlı romalıların torpaq ölçüsünə qanunla hədd qoyulmalı, artıq qalan torpaqlar isə daimi istifadə üçün yoxsullara paylanmalı və bu torpaqların satılıb-alınması qadağan edilməli idi. Senatın etirazına baxmayaraq, xalq yığıncağı qanunu qəbul etdi və torpaqların paylanmasına başlandı. Lakin senatorlar Tiberinin guya padşah olmaq istədiyi barədə böhtan yayaraq onu və tərəfdarlarını qətlə yetirib meyitlərini Tibr çayına atdılar. Eramızdan əvvəl 123-cü ildə xalq tribunu seçilən Tiberinin qardaşı Qay Qrakx torpaqların yoxsullara paylanmasını davam etdirdi və dövlət anbarlarından ucuz taxıl satışını təşkil etdi. Senatın əmri ilə Romaya qoşun yeridildi və küçə döyüşlərində Qayın tərəfdarları öldürüldü. Bundan sonra torpaqların paylanması dayandırıldı, torpağın satışını qadağan edən qanun ləğv olundu və varlılar yenidən kəndlilərin torpaqlarını satın almağa başladılar.
Spartak üsyanı (e.ə. 74–71)
Eramızdan əvvəl 74-cü ildə Kapuya şəhərindəki qladiator məktəbində Spartakın başçılığı altında 78 nəfər qul qiyam qaldıraraq Vezuvi dağının zirvəsində düşərgə saldı. Onlar Kapuyadan göndərilən hərbi dəstəni məğlub edərək silahlandılar və ətraf malikanələrin qulları da onlara qoşuldu. Senat qoşunları Vezuvini mühasirəyə alsa da, üsyançılar üzüm tənəklərindən hördükləri nərdivanlarla gecə vaxtı sıldırım qayadan enərək romalıları qəfil hücumla darmadağın etdilər. Senat üsyanı yatırmaq üçün Krassın komandanlığı ilə böyük ordu göndərdi və Krass üsyançıların yolunu kəsərək onları tələyə saldı. Spartak «acından ölməkdənsə, qılınc zərbəsindən ölmək daha yaxşıdır» şüarı ilə döyüşçülərini Krassın istehkamları üzərinə hücuma apardı. Eramızdan əvvəl 71-ci ildə baş verən həlledici döyüşdə Spartak həlak oldu; Krass və köməyə yetişən Pompeyin qoşunları üsyanı qan içində boğaraq Kapuyadan Romaya gedən yol boyunca 6 min qulu çarmıxa çəkdilər.
Yuli Sezar və Respublikanın sonu
Aramsız müharibələr səbəbindən Roma ordusunun dövlətə deyil, sərkərdələrə sədaqət andı içən muzdlulardan təşkil olunması e.ə. I əsrdə vətəndaş müharibələrinə gətirib çıxardı. Konsulluq müddəti bitdikdən sonra Qalliya əyalətinə canişin təyin edilmiş Yuli Sezar e.ə. 49-cu ildə «Püşk atılmışdır!» deyərək qoşunlarını Roma üzərinə yönəltdi. Sezar senat qoşunlarının başçısı Pompeyin ordusunu darmadağın edərək Romanı və bütün İtaliyanı müqavimətsiz ələ keçirdi. Senat Sezarı ömürlük diktator elan etdi; metal pullar üzərində onun təsviri vurulur, heykəlləri isə tanrıların heykəlləri ilə yanaşı qoyulurdu. Lakin respublikanı monarxiya ilə əvəz etmək istəyi Sezarın qətlinə səbəb oldu; e.ə. 44-cü ildə Senat iclasında Brutun rəhbərlik etdiyi respublika tərəfdarları Sezarı 23 xəncər zərbəsi ilə öldürdülər.
Sezarın qətlindən sonra onun sərkərdəsi Antoni və varisi elan etdiyi qohumu Oktavian birləşərək respublikaçıları məğlub etdilər və dövlətin idarəsini öz aralarında böldülər: Antoni şərq, Oktavian isə qərb əyalətlərini idarə edirdi. Aralarındakı rəqabət sonda müharibəyə çevrildi və məğlub olan Antoni İskəndəriyyə şəhərinə çəkildi. Eramızdan əvvəl 30-cu ildə Oktavianın ordusu İskəndəriyyəni tutdu, Misir Romanın əyalətinə çevrildi və Oktavian həm şərq, həm də qərb əyalətlərinin vahid hakimi oldu.
İmperiya dövrü
Oktavian Senatın səlahiyyətlərini məhdudlaşdıraraq Romanın ilk imperatoru oldu və Senat onu Avqust («müqəddəs») adlandırdı; bu dövrdən etibarən dövlət imperiya adlanmağa başladı. Roma imperiyası eramızın I–II əsrlərində öz qüdrətinin zirvəsinə çatdı. Xüsusilə Mark Trayanın hakimiyyəti illərində (98–117) imperiya Qara dənizlə Adriatik dənizi arasındakı torpaqları, Mesopotamiyanı, Kiçik Asiyadakı Kilikiyanı və Ərəbistanın bir sıra ərazilərini işğal etdi. Trayan həmçinin Parfiyaya yürüş edib paytaxt Ktesifonu tutsa da, işğal olunmuş torpaqlardakı üsyanlar səbəbindən geri dönməyə məcbur oldu və Parfiyanın fəthini başa çatdıra bilmədi.
Quldarlıq təsərrüfatının tənəzzülü və İmperiyanın parçalanması
Eramızın II əsrinin sonu və III əsrdə Romada su dəyirmanları, çoxqavahınlı kotan və yeni biçin alətləri ixtira olunsa da, quldarlıq texnikanın inkişafını ləngidirdi. Qulların əməyin nəticəsinə marağını artırmaq üçün quldarlar torpaqları kiçik sahələrə bölərək azad kəndlilərə («kolonlar») və qullara («daxmalı qullar») icarəyə verməyə başladılar; kolonlardan fərqli olaraq daxmalı qullar sonradan azad edilirdilər və II əsrdə imperator qulların öldürülməsini qadağan etdi. Eramızın III əsrindən etibarən daxili iğtişaşlar, xarici basqınlar və epidemiyalar nəticəsində əhalinin və vergi gəlirlərinin azalması dövləti zəiflətdi. 330-cu ildə imperator Konstantin paytaxtı Şərqdəki Vizanti şəhərinə köçürərək Konstantinopolun əsasını qoydu. 395-ci ildə imperator dövləti iki oğlu arasında böldü və paytaxtı Roma olan Qərbi Roma imperiyası (İtaliya, Qərbi Avropa və Şimali Afrikanın qərbi) ilə paytaxtı Konstantinopol olan Şərqi Roma imperiyası (Balkanlar, Misir və Romanın Asiya torpaqları) yarandı.
Qərbi Roma imperiyasının süqutu (395–476)
IV əsrin ikinci yarısında hunlar tərəfindən məğlub edilən german tayfaları imperiya ərazisinə axışdılar; V əsrin əvvəllərində vestqotlar, qotlar və vandallar Romanı qarət etdilər. V əsrin ortalarında hunlar şəhər qapılarına çatdıqda Roma papası onların rəhbəri Attilanı «Səni salamlayıram, Allahın bəlası!» sözləri ilə qarşılayaraq onun bütün şərtlərini qəbul etdi və Attila ordusunu geri çəkdi. Bir müddət sonra Şimali Afrikada krallıq yaratmış vandallar İtaliyaya keçərək Romanı ələ keçirdilər; onlar on minlərlə romalını qətlə yetirib qul etdilər, heykəlləri sındırıb kitabları və binaları yandırdılar ki, bu dağıntılara görə «vandal» sözü tarixdə qəddar, vəhşi adamlara aid edildi. Nəhayət, 476-cı ildə german tayfaları Qərbi Romanın sonuncu imperatorunu taxtdan salaraq imperiyanı süquta uğratdılar; bununla da Avropada qədim dövr və bütövlükdə Qədim dünya tarixi başa çatdı.
Qədim Roma mədəniyyəti, incəsənəti və elmi
Roma paytaxt kimi Aralıq dənizi sahillərində ən iri şəhərə çevrilərək «Əbədi qızıl şəhər» və ya sadəcə «Şəhər» adlanırdı. İmperatorlar şəhərin «Forum» adlanan mərkəzi meydanında və onun ətrafında məbədlər və ictimai binalar ucaldırdılar. Şəhərdə 40 min tamaşaçı tutan məşhur Kolizey amfiteatrı, hərbi yürüşləri relyeflərlə əks etdirən Trayan sütunu, zəfər tağları, soyuq və isti hovuzları, kitabxanaları olan termlər (hamamlar), at yarışları üçün cıdır meydanları, imperator Avqustun dəniz döyüşləri təşkil etdiyi süni göl və əzəmətli Panteon inşa edilmişdi. Memarlıqda betondan, arkalardan, günbəzlərdən, körpülərdən və su kəmərlərindən geniş istifadə olunurdu; heykəltəraşlıqda isə yunanlardan fərqli olaraq insanın həm xarici görkəmi, həm də daxili xarakteri dəqiqliklə əks etdirilirdi.
Eramızdan əvvəl I əsr və b.e. I əsrinin əvvəlləri Vergili, Lukretsi və tarixçi Tit Livinin fəaliyyəti sayəsində Roma ədəbiyyatının «qızıl dövrü» hesab olunur. Romalıların yaratdığı latın əlifbası bu gün Azərbaycan dili də daxil olmaqla bir çox xalqlar tərəfindən istifadə edilir, elm və təbabətdə isə terminlər latınca saxlanılır. Sezar dövründə tətbiq edilən təqvimdə ayların latınca adları (iyul – Sezarın, avqust – Avqustun şərəfinə, sentyabr – yeddinci, dekabr – onuncu) müasir dövrdə də qorunub saxlanmışdır.
Xristianlığın yaranması
Eramızın I əsrində Fələstində İsa peyğəmbər tərəfindən təkallahlı xristianlıq dini meydana gəldi. Xristianlar imperatorlara sitayiş etmədiklərinə görə təqib olunur və kilsə təşkilatının rəhbərliyi altında gizli icmalarda toplaşırdılar. 313-cü ildə imperator Konstantin xristianlara açıq ibadət etməyə və məbədlər tikməyə icazə verdi, ölümqabağı isə özü də xristianlığı qəbul etdi.
Əsas anlayışlar və tarixi lüğət
Respublika latınca «xalqın işi» və ya xalq hakimiyyəti, veto isə «qadağan edirəm» deməkdir. Legion Roma ordusunun əsas qoşun hissəsini, triumf isə qalib sərkərdənin dörd ağ at qoşulmuş arabada zəfər tağının altından keçdiyi mərasimi ifadə edir. Qladiator amfiteatrlarda vuruşan qılınclı döyüşçü (latınca «gladius» – qılınc), diktator isə dövləti idarə etməkdə qeyri-məhdud səlahiyyətlərə malik şəxsdir. Azad icarədar kəndlilər kolonlar, mədəniyyət abidələrini vəhşicəsinə məhv edənlər isə vandal adlandırılmışdır. İdarəetmənin azsaylı varlı zümrənin əlində toplanması oliqarxiya, təkbaşına zorakı və despotik hakimiyyət forması isə tiranlıq hesab edilir